Azərbaycan Mərkəzi Bankının statistikasına görə, ötən ilin yanvar-iyun aylarına nisbətən Azərbaycana pul köçürmələri 2 dəfə və ya 1 milyard 327 milyon manat azalıb. Hesabat dövründə Azərbaycanda banklara sürətli pul köçürmə sistemləri vasitəsilə 1 milyard 299.9 milyon manat vəsait daxil olub. Bu rəqəm 2022-ci ilin eyni dövründə 2 milyard 627 milyon təşkil etmişdi. Rəqəmlərdən də göründüyü kimi köçürmələrdə azalmalar baş verib. Bəs bunun səbəbi nədir?
İqtisadçı Rəşad Həsənovun sözlərinə görə, əslində köçürmələrin azalması gözlənilən idi. Çünki keçən il proses düzgün getmirdi: “2022-ci ildə bu istiqamətdə anomaliya baş verib. Yəni, birdən-birə köçürmələr 2-3 dəfə artmışdı. Bu vəziyyət Rusiya-Ukrayna münaqişəsi fonunda həm azərbaycanlıların, həm də qeyri-rezidentlərin hansısa formada ölkədən pul çıxarması cəhdləri nəticəsində yaranmışdı. Azərbaycana göndərilən remitensilərin təxminən 60-70 faizi Rusiyanın payına düşür. Normalda əksinə, bu istiqamətdə azalma olmalı idi. Çünki Rusiya iqtisadiyyatı zəifləyib və rubl dəyər itirir. Rublun dəyərdən düşməsi fonunda orada yaşayan Azərbaycan vətəndaşlarının da imkanları məhdudlaşır. Bununla da Azərbaycana köçürmələrdə problemlər yarandı. İkinci məsələ rublun məzənnəsi ilə əlaqəlidir. Ötən il gözlənilmədən rublun məzənnəsində möhkəmlənmə baş verdi. Bu da rublla gəlir əldə edən Rusiyada yaşayan azərbaycanlıların köçürdükləri vəsaitin daha dəyərli olmasına gətirib çıxarırdı. Bu il isə proses tərsinə gedir. Bu dəfə Azərbaycana köçürülən vəsaitlər daha dəyərsiz şəkildə öz əksini tapır”.
R.Həsənov bildirdi ki, keçən il rəqəmlərin böyük olmasının səbəblərindən biri pulların artıq daha leqal yollarla ölkəyə gətirilməsidir: “Rəsmi rəqəmlərlə Azərbaycanda ailə təsərrüfatlarına il ərzində təxminən 1-1,5 milyard dollar ətrafında pul köçürmələri gəlirdi. Keçən il bu köçürmələrin birdən-birə yüksəlməsi ailə təsərrüfatlarının gəlirlərinin artmasına, alıcılıq qabiliyyətinin yüksəlməsinə səbəb olmuşdu. Amma dəqiq bilmirik, bu gəlir birbaşa ailə təsərrüfatlarına çatıb, yoxsa yox. Çünki artıma pulun Rusiyadan çıxarılması cəhdləri də daxil idi. 2022-ci ilin əvvəlindən Rusiya-Ukrayna müharibəsi fonunda hazırlanan proqnozlar əsasən remitensilərin azalması istiqamətində idi. Quru sərhədi ilə səyahətlərin məhdudlaşması cibdə gətirilən pulların da azalmasına səbəb olub. Pullar məcburən transfer olunur, köçürmələr şəklində əksini tapırdı”.
İqtisadçının fikrincə, Rusiyada daha çox sakini işləyən rayonlara bu proses mənfi təsir göstərib: “Köçürmələrin azalması regionlarda fərqli formada əks olunur. Rayonları müqayisə edəndə görə bilərik ki, cənub bölgəsi – Lənkəran iqtisadi rayonunda əhalinin imkanlarının məhdudlaşmasında bu, özünü daha kəskin şəkildə göstərir. Tovuz, Qazax, Şəmkir rayonlarında yaşayan əhalinin ailə təsərrüfatlarının gəlirlərində remitensilərin payı çoxdur deyə, orada da vəziyyət kəskindir. Amma Şirvan bölgəsinə baxanda orada həyat tərzinə o qədər də ciddi təsir göstərmir”.
Biz kukiləri məlumat siyasətində qeyd olunan məqsədlərlə və qanunvericiliyə uyğun olaraq yerləşdiririk. Ətraflı məlumat üçün məlumat siyasətimizı nəzərdən keçirə bilərsiniz.