Oxşar

"SOCAR Polymer" havaya tüstü atılması ilə bağlı məsələyə aydınlıq gətirib

31 Dekabr

"Dekabrın 30-da "SOCAR Polymer" zavoduna elektrik enerji təminatının kəsilməsi nəticəsində zavodun məşəl qurğusundan atmosferə tüstünün atılması baş verib. Dərhal görülmüş tədbirlər nəticəsində yüzlərlə qurğulardan ibarət zavodda bütün prosesləri qəza şəraitinə uyğun qaydada dayandırmaqla tüstünün havaya atılmasını dayandırmaq mümkün olub".

"Moneta.az" xəbər verir ki, bu barədə "SOCAR Polymer" MMC-dən bildirilib.

Qeyd edilib ki, "SOCAR Polymer" zavoduna elektrik enerjinin təchizatı zavodun yerləşdiyi Sumqayıt Kimya Sənaye Parkı (SKSP) tərəfindən təmin olunur. İlkin məlumata görə, elektrik təminatının kəsilməsinə səbəb SKSP-də yüksək gərginlikli elektrik xəttində baş vermiş qeyri-sabitlik olub. Yaranmış nasazlıqlar aradan qaldırılandan sonra, "SOCAR Polymer" zavodunun yenidən işə salınması üçün 2 gün tələb olunur.

Bildirilib ki, ən müasir texnologiyalar əsasında qurulub tikilmiş "SOCAR Polymer" zavodunda istehsalat prosesləri ərzində yarana biləcək hər hansı zərərli maddələrin zərərsizləşdirilərək kənarlaşdırılmasını təmin edən qurğu və nəzarət sistemləri mövcuddur. 

"Hətta normal şəraitdən kənar olan hallarda, zavodun kompüterləşdirilmiş nəzarət və idarəetmə sistemi yarana biləcək müxtəlif mənfi hallara qarşı təcili həll yollarını avtomatik surətdə təklif edərək şəraitin normallaşdırılmasına qədər bir sıra həlledici tədbirlərin keçirilməsini təmin etməyə qadirdir. Zavodun lisenziarları "LyondellBasell"və İNEOS şirkətləri bir çox ölkələrdə inşa edilmiş eyni tipli zavodların çoxillik istismarı əsasında öyrəndiyi dərsləri və çıxardığı nəticələri cəmləşdirərək bu növ zavodların dizayn və mühəndis layihələrinin təkmilləşdirilməsi məqsədilə tətbiq edib. Azərbaycanda inşa edilmiş polipropilen və yüksəksıxlıqlı polietilen qurğuları həmin qabaqcıl təcrübəyə əsaslanmaqla layihələndirilərək inşa edilib. Zavodun avtomatlaşdırılmış nəzarət və idarəetmə sistemlərinin işləməsi üçün şərt, əlbəttə ki, elektrik enerji təminatının kəsilməməsidir",- deyə şirkətdən bildirilib.

Teqlər: socar polymer

XƏBƏR LENTİ

XƏBƏR ARXİVİ






Copyright © 2016-2018 Moneta.Az