Oxşar

Şəki “ASAN Həyat” kompleksi istifadəyə verilib

29 Oktyabr

Oktyabrın 29-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şəki “ASAN Həyat” kompleksinin açılışında iştirak ediblər.

Prezident İlham Əliyev kompleksin rəmzi açılışını bildirən lenti kəsib.

Altı il bundan əvvəl - 2012-ci il iyulun 13-də Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi yaradıldı və onun tabeliyində olan “ASAN xidmət” mərkəzləri fəaliyyətə başladı. Bu qurumun yaradılmasında məqsəd vətəndaşlara birbaşa xidmət göstərəcək “ASAN xidmət” mərkəzlərinin vahid şəkildə idarə edilməsi idi. Həmin ildən başlayaraq Bakının bir neçə rayonunda “ASAN xidmət” mərkəzləri sakinlərin istifadəsinə verildi. Daha sonra bu proses regionları da əhatə etməyə başladı. Hazırda bu mərkəzlərə daxil olan müraciətlər arasında şəxsiyyət vəsiqələrinin alınması və dəyişdirilməsi, sürücülük vəsiqələrinin dəyişdirilməsi, notariat fəaliyyəti, eləcə də miqrasiya və əmlak məsələləri ilə bağlı olanlar üstünlük təşkil edir. Bütün bunlar dövlət qulluqçusu-vətəndaş münasibətlərində yeni yanaşmanın formalaşmasında Azərbaycan dövlətinin həyata keçirdiyi siyasətin mühüm tərkib hissəsidir.

Şəki “ASAN Həyat” kompleksində də Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin layihəsi olan “ASAN Peşə” mərkəzi yaradılıb.

Dövlət başçısı və birinci xanım “ASAN Peşə” mərkəzi ilə tanış olublar.

“ASAN Həyat” kompleksi üçün ayrılan 2,4 hektar ərazidə uşaq meydançası, fəvvarə və oturacaqlar, istirahət meydançası, avtodayanacaq, yay kafesi və digər rayonlardan gələcək vətəndaşlar üçün avtobus dayanacağı yaradılıb.

Qeyd olundu ki, regionlarda 10 səyyar “ASAN xidmət” avtobusu və səyyar “ASAN qatar” vasitəsilə vətəndaşlara xidmətlərin göstərilməsi davam etdirilir. 2013-cü ilin iyunundan etibarən təqribən 1 milyon 500 mindən çox vətəndaşa səyyar formada xidmət göstərilib.

Sonra Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şəki “ASAN Həyat” kompleksinin əməkdaşları ilə görüşüblər.

XƏBƏR LENTİ

XƏBƏR ARXİVİ






Copyright © 2016-2018 Moneta.Az