Oxşar

"Hələlik neftin qiyməti ilə bağlı proqnoz vermək çətindir"

26 Noyabr

Noyabrın 24-də "Brent” markalı xam neftin bir barelinin qiyməti ötən ilin oktyabrından indiyədək ən aşağı səviyyəyə düşüb. "Brent”in bir bareli Londonun ICE birjasında 3,80 dollar və ya 6,07% azalaraq  58,80 dollara, "Light” neftinin bir barreli isə Nyu-Yorkun NYMEX birjasında 4,21 dollar  və ya 7,71% azalaraq 50,42 dollara enib. Azərbaycanın dünya bazarına çıxardığı "Azeri LT CIF" markalı xam neftin 1 barelinin qiyməti  3,73 dollar və yaxud 5,74% azalaraq 61,25 dollara təklif edilib. 

Son iki gündə isə neftin qiymətində artım müşahidə olunmağa başlanıb. ICE London qitələrarası birjasında "Brent” markalı neftin qiyməti 0,93 sent  və ya 1,58% artaraq  59,73 dollar,  "Light” markalı neftinin qiyməti 0,51 sent  və ya 1,01% artaraq   50,93 dollar təşkil edib.

Qeyd edək ki, gələn il üçün dövlət büdcəsi layihəsində neftin bir barrelinin qiyməti 60 dollar nəzərdə tutulub. Hələ büdcə parlamentdə qəbul edilməmişdən artıq neftin qiyməti nəzərdə tutlan hədd - 60 dollar ətrafında dəyişməyə başlayıb. Bəs bütün bunların fonunda büdcə layihəsində neftin qiymətinə yenidən baxmağa ehtiyac yaranıbmı?

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov deyib ki, əvvəllər neftin qiyməti birjalarda müəyyənləşib. 

Millət vəkili artıq neftin qiymətinin siyasi kabinetlərdə müəyyənləşdiyini vurğulayıb: "Son zamanlar Səudiyyə Ərəbistanı neft hasilatını və ixracını kifayət qədər artırıb. Çünki ABŞ və Səudiyyə Ərəbistanı arasında müəyyən danışıqlar aparıldı, iki dövlət başçısı qərar verdi ki, neftin hasilatı və ixracı artırılsın.

Buna görə də neftin qiyməti aşağı düşməyə başladı. Ona görə də hələlik neftin qiyməti ilə bağlı proqnoz vermək çətindir. Hələlik gələn ilin dövlət büdcəsi layihəsində neftin bir barelinin qiyməti 60 dollar götürülüb. Bu, hələ son qiymət deyil. Çünki büdcə layihəsi sabah da, noyabrın 30-da da müzakirə ediləcək.

Parlamentdə müzakirələr zamanı bir daha neftin qiyməti məsələsinə toxunacağıq. Digər tərəfdən, düzdür, neftin qiymətinin artıb-azalması dövlət büdcəsinə təsir edir. Amma biz artıq büdcə sistemi haqqında qanuna dəyişiklik etmişik. Neftin qiyməti Azərbaycanın ümumi gəlirlərinə təsir edəcək, amma büdcəyə təsiri olmayacaq. Çünki biz büdcəyə əlavə vəsaitin daxil olması üçün büdcə sistemi haqqında qanuna dəyişiklik etmişik. Dövlət büdcəsinin xərcləri və gəlirləri öz yerində qalacaq”.

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin digər üzvü Aydın Hüseynov qeyd edib ki, gələn ilin büdcə layihəsində bütün risklər nəzərə alınıb: "Gələn il üçün büdcə layihəsi yeni büdcə qaydaları ilə hazırlanıb. Büdcə layihəsində neftin qiymətinin 60 dollardan götürülməsinə baxmayaraq, gələcəkdə neftin qiymətində hansısa dəyişikliklər olarsa, bunların hamısı hesablanıb və nəzərə alınıb. Digər tərəfdən, neftin qiyməti 1-2 gün büdcədə nəzərdə tutulduğundan aşağı düşürsə, bu, neftin qiymətinin gələn il elə belə də olacağı anlamına gəlmir. Bir neçə müddətdən sonra neftin qiyməti 70 dollara da qalxa bilər. Ona görə də hələ tələsmək lazım deyil. Bir məqamı da deyim. Biz hazırda 2018-ci ilin büdcəsini xərcləyirik, 2018-ci ilin büdcəsində isə neftin qiyməti 45 dollar nəzərdə tutulub. Ona görə də  2019-cu ilin dövlət büdcəsi üçün bu tərzdə düşünməyimiz hələ tezdir”/bakupost.az

XƏBƏR LENTİ

XƏBƏR ARXİVİ






Copyright © 2016-2018 Moneta.Az