Oxşar

Bakıda sadələşdirilmiş vergi üzrə ödəmələr 2%-ə salına bilər

2 Noyabr

Vergi Məcəlləsinə edilən və 2019-cu ildə qüvvəyə minəcək dəyişikliklər hər bir vergi ödəyicisinin işində şəffaflığın təmin olunmasına, eləcə də biznes mühitin inkişafı üçün optimal şərtlərin yaradılmasına yönəlib.

Bunu Vergilər nazirinin müavini Sahib Ələkbərov deyib.

Nazir müavini qeyd edib ki, vergi ödəyiciləri arasında vergidən tam yayınan şəxslər çoxdur:

“Sahibkarların əksəriyyəti öz gəlirlərini, kapital dövriyyəsini gizlətməyə çalışır. Bu, ilk növbədə ticarət və xidmət obyektlərini idarə edən şəxslərə aiddir. Dövriyyəni tam gizlədib vergi ödəməyən şəxslər də var, vergiləri qismən ödəyənlər də. Ona görə də bu problemi həll etmək üçün biz vergi siyasətini təkrar nəzərdən keçiririk və vergidən yayınan vergi ödəyiciləri ilə münasibətdə tədbirləri sərtləşdirmək niyyətindəyik”.

S.Ələkbərovun sözlərinə görə, vergi sahəsində planlaşdırılmış dəyişikliklər sərt addımlarla yanaşı bir sıra müsbət məqamları da əks etdirir:

“İlk növbədə biz biznes obyektlərində yoxlamaların sayının azaldılmasını təklif edirik. Bundan başqa, Bakıda bizneslə məşğul olan sahibkarların vergi ödəmə şərtlərində dəyişikliklər təklif olunub. Qaydalara əsasən, Bakıda sadələşdirilmiş vergi üzrə ödəmələr 4 faiz, regionlarda 2 faiz təşkil edir. Bu göstəricilərin bərabərləşdirilməsi, həm Bakıda, həm də regionlarda sahibkarların 2 faiz vergi ödəməsi barədə təklifləri var”.

Nazir müavini əlavə edib ki, dəyişikliklər ölkədə biznes mühitin yaxşılaşması və biznesin təkmilləşməsinə yönəlmiş digər güzəştləri də nəzərdə tutur:

“Hesab edirik ki, bu tədbirlərin reallaşdırılması həm dövlət, həm də vergi ödəyiciləri üçün müsbət nəticələr verəcək”.

XƏBƏR LENTİ

XƏBƏR ARXİVİ






Copyright © 2016-2018 Moneta.Az