Bizimlə əlaqə saxlayın

Moneta

Azərbaycan-Belarus şirkətləri arasında 40-a yaxın əməkdaşlıq sənədi imzalanıb

ƏMƏKDAŞLIQ

Azərbaycan-Belarus şirkətləri arasında 40-a yaxın əməkdaşlıq sənədi imzalanıb

Azərbaycan prezidentinin tapşırığına əsasən, iqtisadiyyat naziri Şahin Mustafayevin rəhbərlik etdiyi rəsmi şəxslərdən və iş adamlarından ibarət nümayəndə heyəti Belarus Respublikasında səfərdədir.

İqtisadiyyat Nazirliyindən Moneta.az-a verilən xəbərə görə, səfərin məqsədi Belarusun aidiyyəti qurumları ilə iqtisadi-ticarət əməkdaşlığının, Azərbaycan sahibkarlarının Belarusun biznes dairələri ilə əlaqələrinin genişləndirilməsi məsələlərinin müzakirə edilməsidir.

Səfərin ilk günü – dekabrın 15-də iqtisadiyyat naziri Ş. Mustafayevin Belarus Respublikası baş nazirinin birinci müavini Vladimir Semaşko ilə görüşündə Azərbaycan və Belarus arasında əməkdaşlığın uğurla inkişaf etdiyi, ölkələrimiz arasında əlaqələrin qarşılıqlı dostluq və tərəfdaşlıq prinsipləri üzərində qurulduğu vurğulanıb, əməkdaşlığın genişləndirilməsində dövlət başçılarının rəsmi səfərlərinin, keçirilən görüşlərin xüsusi rolu diqqətə çatdırılıb. Azərbaycan və Belarus arasında iqtisadi əlaqələrin daha da genişləndirilməsi və mövcud potensialdan səmərəli istifadə imkanlarına dair geniş fikir mübadiləsinin aparıldığı görüşdə kənd təsərrüfatı, ticarət, sənaye, tranzit, əczaçılıq, turizm və s. sahələr prioritet əməkdaşlıq istiqamətləri kimi qeyd olunub, bu sahələrdə əlaqələrin inkişafı məsələləri nəzərdən keçirilib.

Görüşdə Belarusda Azərbaycan Ticarət Evinin yaradılmasına dair müzakirələr aparılıb və ilkin razılıq əldə olunub. Nazir Ş. Mustafayev qeyd edib ki, ölkələrimiz arasında 30-dan çoxu iqtisadi sahədə olmaqla, ümumilikdə 100-dən artıq sənəd imzalanıb. “Azərbaycanda Belarus kapitallı 30, Belarusda isə Azərbaycan sərmayəli 60 şirkət fəaliyyət göstərir. Ticarət əlaqələrinin genişləndirilməsi, əczaçılıq və kənd təsərrüfatı sahələrində birgə müəssisələrin yaradılması, Belarus şirkətlərinin Azərbaycanda yaradılmış sənaye zonalarında və aqroparklarda iştirakı, maşınqayırma sahəsində əməkdaşlıq üçün geniş imkanlar mövcuddur. Bundan başqa, Belarus Azərbaycanın tranzit imkanlarından da istifadə edə bilər”, – deyə nazir bildirib.

Belarus Respublikası baş nazirinin birinci müavini V. Semaşko rəsmi şəxslərdən və iş adamlarından ibarət Azərbaycan nümayəndə heyətinin Belarusa səfərindən məmnunluğunu bildirib, belə səfərlərin ölkələrimiz arasında əməkdaşlığın inkişafında, iqtisadi-ticarət əlaqələrinin genişləndirilməsində əhəmiyyətini vurğulayıb. Belarusun Azərbaycanla əməkdaşlığa önəm verdiyini, qarşılıqlı əlaqələrin bundan sonra da genişlənəcəyinə əminliyini qeyd edən V. Semaşko potensial əməkdaşlıq imkanlarına dair fikirlərini bölüşüb.

Bundan baqa, Belarus Respublikasının Qida sənayesi üzrə Dövlət Konserninin rəhbəri Aleksandr Zabello ilə keçirilmiş görüşdə qida sənayesi sahəsində Azərbaycan-Belarus əlaqələrinə və əməkdaşlıq imkanlarına dair müzakirələr aparılıb. Ş. Mustafayev Azərbaycanda istehsal olunan rəqabətqabiliyyətli kənd təsərrüfatı və emalı məhsulları, qida sənayesində tətbiq olunan texnika və texnologiyalar, yerli məhsulların ixrac imkanları barədə məlumat verib, Azərbaycanın aqrar sənaye məhsullarının, o cümlədən şərab, pambıq və tütünün Belarusa ixracı üçün ölkəmizin potensialı diqqətə çatdırıb. A. Zabello isə Belarusda ərzaq məhsullarının əsas istehsalçısı olan konsernin fəaliyyəti barədə məlumat verib. Görüşdə Belarus şirkətlərinin Azərbaycanda yaradılan aqroparklarda iştirakı imkanlarına, kənd təsərrüfatı sahəsində, eləcə də Azərbaycanda birgə siqaret istehsalı müəssisəsinin yaradılmasına dair fikir mübadiləsi aparılıb, iş adamlarının təklifləri dinlənilib.

Belarus Respublikasının Antiinhisar tənzimlənməsi və ticarət naziri Vladimir Koltoviç ilə keçirilən görüşdə ölkələrimiz arasında iqtisadi-ticarət sahəsində əməkdaşlıq və əlaqələrin genişləndirilməsi perspektivləri müzakirə edilib. Ş. Mustafayev ticarət sahəsində əməkdaşlığın Azərbaycan-Belarus əlaqələrinin mühüm istiqamətlərindən olduğunu və 2016-cı ilin yanvar-oktyabr aylarında ölkələrimiz arasında ticarət dövriyyəsinin 6% artdığını vurğulayıb. Qeyd olunub ki, Azərbaycan və Belarus arasında ticarət dövriyyəsinin genişləndirilməsi və diversifikasiyası üçün geniş potensial mövcuddur. Şahin Mustafayev bu potensialın reallaşdırılması üçün Azərbaycanın ixrac missiyasının Belarusa səfərinin təşkili, meyvə-tərəvəz, şərab, meyvə şirələri, yun, fındıq və s. məhsulların Belarusa ixracı, Belarusun tütün məmulatlarının ölkəmizə idxalı imkanlarını diqqətə çatdırıb. Görüşdə Belarusun Yüngül Sənaye Məhsullarının İstehsalı və Satışı Dövlət Konserninin və İstehlakçılar Cəmiyyətləri Birliyinin rəhbərləri, Azərbaycan sahibkarları iştirak edib.

Dekabrın 16-da Azərbaycan nümayəndə heyətinin Belarusa səfəri çərçivəsində Belarusun Ticarət-Sənaye Palatasında “Biznes sahəsində Belarus-Azərbaycan əlaqələrinin inkişaf perspektivləri” mövzusunda işgüzar görüş keçirilib. Tədbirdə Azərbaycan tərəfindən kənd təsərrüfatı, qida sənayesi, şərabçılıq, tütünçülük, heyvandarlıq, yun istehsalı, istixana təsərrüfatı, avtomobil istehsalı sahələrində fəaliyyət göstərən 30-dan çox iş adamı iştirak edib. Belarus tərəfi tədbirdə analoji sahələrdə fəaliyyət göstərən şirkətlərin nümayəndələri ilə təmsil olunub. Görüşdə Azərbaycan iqtisadiyyatı, ölkəmizin biznes və investisiya imkanları, iqtisadi sahədə həyata keçirilən islahatlar barədə məlumat verilib, Azərbaycan və Belarus iş adamları müxtəlif sahələrdə əməkdaşlığın genişləndirilməsinə dair müzakirələr aparıblar.

Tədbir çərçivəsində Azərbaycan iş adamları Belarusdan olan tərəfdaşları ilə Azərbaycanın xalçaçılıq, meyvə-tərəvəz, şərabçılıq, tütün, pambıqçılıq məhsullarının, meyvə şirələrinin və s. Belarusa ixracına dair 40-a yaxın niyyət protokolu və müqavilə imzalayıblar. Azərbaycan nümayəndə heyətinin Belarusun səhiyyə naziri Vasiliy Jarko ilə keçirdiyi görüşdə ölkələrimizin müxtəlif sahələrdə, o cümlədən səhiyyə sahəsində əməkdaşlıq etdiyi, Belarusun əczaçılıq sahəsində geniş təcrübəyə malik olduğu qeyd edilib, Azərbaycanda əczaçılıq məhsullarının istehsalının təşkili məsələlərinə dair fikir mübadiləsi aparılıb. Əczaçılıq sahəsi üzrə ixtisaslaşmış Pirallahı Sənaye Parkı barədə məlumat verən Ş. Mustafayev qeyd edib ki, bir sıra xarici şirkətlər sənaye parkına maraq göstərir və hazırda bu şirkətlərlə danışıqlar aparılır. Belarus şirkətləri də Pirallahı Sənaye Parkında rezidentlər üçün yaradılan əlverişli imkanlardan istifadə edə və burada əczaçılıq məhsullarının istehsalını təşkil edə bilərlər.

Ş. Mustafayevin Belarus Respublikasının Sənaye naziri Vovk Mixayloviçlə keçirilmiş görüşündə müvafiq sahədə əməkdaşlıq məsələləri müzakirə edilib. Nazir iqtisadiyyatın digər sahələrində olduğu kimi, sənaye sahəsində də Azərbaycan və Belarus arasında uğurlu əməkdaşlığın olduğunu qeyd edib. Bildirilib ki, Gəncə Avtomobil Zavodu ilə Minsk traktor və avtomobil zavodları arasında səmərəli əməkdaşlıq həyata keçirilir, Azərbaycanda Belarus texnologiyaları əsasında traktor, yük avtomobili, qoşqu və digər avadanlıqlar yığılır. Bununla belə, bu sahədə əlaqələrin genişləndirilməsi üçün potensial böyükdür. Ölkədə yaradılan və əczaçılıq, yüngül sənaye, kimya, gəmiqayırma sahələrində ixtisaslaşmış sənaye zonaları barədə məlumat verən Ş. Mustafayev belarus iş adamlarını həmin parklarda yaradılmış əlverişli imkanlardan yararlanmağa dəvət edib. Bundan başqa, maşınqayırma, nəqliyyat vasitələrinin istehsalı və əczaçılıq sahələrində də əməkdaşlıq üçün imkanlar genişdir.

Belarusa səfər çərçivəsində Azərbaycan nümayəndə heyəti Minsk Şərab Zavodunun və Logistika Mərkəzinin fəaliyyəti ilə də tanış olublar.

Davam edin

+ ƏMƏKDAŞLIQ

loading...
Yuxarı