Connect with us

Moneta.az

İkinci telekommunikasiya peykinin orbitə çıxarılması vaxtı … Yeni şəxsiyyət vəsiqələrinin e-imza ilə təqdim olunması … Parkların pulsuz wi-fi ilə təmin olunması

TEXNOLOGİYA

İkinci telekommunikasiya peykinin orbitə çıxarılması vaxtı … Yeni şəxsiyyət vəsiqələrinin e-imza ilə təqdim olunması … Parkların pulsuz wi-fi ilə təmin olunması

“Azərbaycanın ikinci telekommunikasiya peykinin (“Azerspace-2″) 2018-ci ildə orbitə çıxarılması ilə bağlı işlər plan üzrə gedir”.

Bunu nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə “Impact” jurnalına müsahibəsində bildirib.

Onun sözlərinə görə, bu peyk regionda şəbəkə xidmətləri sahəsində artmaqda olan tələbatı qarşılayaraq yüksək texniki imkanlar, əlverişli əhatə zonası və keyfiyyətli xidmət təklif edəcək: “Yeni peyk həm də birinci telekommunikasiya peykinin (“Azerspace-1”) orbitdəki ehtiyatı olacaq. “Azerspace-1″-in özü də uğurla fəaliyyət göstərir və dünyanın 22 ölkəsində müştəri bazası var. Peykin tutumunun 75 faizi artıq kommersiyalaşdırılıb”, – deyə nazir vurğulayıb.

Onun sözlərinə görə, kosmik sənayemizin vacib resurslarından biri də Yerin müşahidə peyki olan “Azersky”dır: “Hazırda “Azersky” peyki müdafiə, təhlükəsizlik, fövqəladə hallar, təbii ehtiyatların tədqiqi, dənizçilik, ətraf mühitin mühafizəsi, şəhərsalma, xəritəçəkmə, kənd təsərrüfatı, turizm və s. kimi sahələrdə geniş şəkildə tətbiq olunur. Sevindirici haldır ki, peyklərimiz tam olaraq yerli mütəxəssislər tərəfindən idarə olunur”/apa


“Bu gün Azərbaycanda istənilən sahədə İKT uğurla tətbiq olunur. Hazırda ölkəmizdə elektron təhsil, elektron vergi, elektron səhiyyə, elektron kənd təsərrüfatı, elektron gömrük, elektron ticarət və digər istiqamətlər üzrə səmərəli layihələrin icrası davam etdirilir. Bütün bu xidmətlər “Elektron hökumət” modelində əks olunur”.

Bunu nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə “Impact” jurnalına müsahibəsində bildirib.

Onun sözlərinə görə, 40-dan artıq dövlət qurumunun xidmətləri “Elektron hökumət” portalında vətəndaşlara təqdim olunur: “Portalın mobil tətbiqi vasitəsilə istifadəçilərə rabitə, kommunal, cərimə və s. üzrə bildirişlərin real vaxt rejimində çatdırılması mümkündür. Bu “mobil hökumət” quruculuğu istiqamətində uğurlu başlanğıc hesab oluna bilər”.

Nazir bildirib ki, elektron xidmətlərə artan tələbat fonunda cari ildə e-imzanın istifadəsi təkmilləşdirilərək “elektron imza” tokenləri yaradılıb: “Bu günədək 100 mindən artıq “elektron imza” istifadəyə verilib və yaxın müddətdə hər bir vətəndaşa təqdim ediləcək yeni nəsil şəxsiyyət vəsiqəsi “elektron imza” sertifikatı ilə təmin olunacaq. Bununla da yeni vəsiqələr şəxsiyyəti identifikasiya etməklə yanaşı, elektron sənədlərin imzalanmasında da istifadə ediləcək”/apa


“Azərbaycanda internetin inkişafı dinamikdir. Əhalinin 80 faizinin internetə çıxışı var”.

Bunu nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə “Impact” jurnalına müsahibəsində bildirib.

Onun sözlərinə görə, insanların internetə marağını nəzərə alaraq, turistlərin və əhalinin daha çox istirahət etdiyi yerləri pulsuz “wi-fi” ilə təmin edilir.

Nazir bildirib ki, “ictimai wi-fi” layihəsi Dənizkənarı Milli Park daxil olmaqla paytaxtın 15 parkında artıq həyata keçirilib: “Planımıza uyğun olaraq ilin sonunadək paytaxtımızda bütün parkların pulsuz “wi-fi” ilə təmin olunması nəzərdə tutulur”/apa

Şərh yazmaq üçün tıklayın

Cavab Yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

TOP 5

Yuxarı