Connect with us

ASAN Könüllülərinin karyera mərkəzi ASAN Kadr

KARYERA

ASAN Könüllülərinin karyera mərkəzi ASAN Kadr

ASAN Kadr nədir?

Hər bir 16-26 yaş arasında olan Azərbaycan gənci “ASAN School” könüllülük məktəbinə (konullu.asanschool.az) müraciət edərək “ASAN xidmət” mərkəzində könüllülük fəaliyyətinə qoşula bilər.

“ASAN School” könüllülük məktəbi Master 1, Master 2 və digər bölmələrindən ibarətdir. Master 1 özündə 2 aylıq müddətdə “ASAN xidmət” mərkəzində keçirilən təcrübə proqramını ehtiva edir. Bu fəaliyyət dövründə könüllülər kadr kimi formalaşır, 4 təlim paketindən yararlanır: “Stressin idarəolunması”, “Vaxtın idarəolunması”, “Qərarların qəbul edilməsi”, “Etik davranış”. Bu təlimlər xidmət səviyyəsinin yüksək səviyyədə təmin edilməsi üçün hazırlanıb.

2 ay müddəti ərzində onlar vətəndaşlara xidmət göstərir, sorğularda iştirak edir, korporativ mədəniyyəti mənimsəyir, layihələrin iştirakçılarına çevrilir və əvvəlcədən müəyyən edilmiş görkəmli şəxsiyyət və ya cərəyan haqqında qrup şəklində araşdırmalar edir və onların təqdimatını hazırlayırlar. Fəaliyyəti başa vurduqdan sonra hər bir ASAN könüllüsü karyera mərkəzinə müraciət edərək www.asankadr.az portalında qeydiyyatdan keçib, özü haqqında məlumatı daxil etdikdən sonra CV-lərini yerləşdirir və mövcud vakansiyalara müraciət edə bilirlər. İşə qəbul olan gənc isə artıq “ASAN Kadr” adını daşıyır.

www.asankadr.az portalının ideyası necə yarandı?

Bu portal yaranmamışdan öncə dövlət orqanlarından və xüsusilə də özəl şirkətlərdən çoxsaylı müraciətlər daxil olurdu. Onlar bizdən müxtəlif vakansiyalar üzrə kadrlar tövsiyə etməyimizi xahiş edirdilər. Biz də müraciətlərin sayını nəzərə alaraq, “asan kadr”larla bağlı məlumatların bir bazada təmin edilməsini, onlar arasında birbaşa əlaqənin asanlaşdırılmasını və müxtəlif istiqamətlər üzrə ixtisas sahiblərinin bacarıqlarının artırılması üçün “ASAN School” könüllülük məktəbinin “ASAN Kadr” karyera mərkəzini və www.asankadr.az portalını yaratdıq.

Portal 12 mart 2015-ci il Bərdə regional “ASAN xidmət” mərkəzinin açılışı zamanı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyeva təqdim olunmuşdu.

Karyera mərkəzinin fəaliyyətinə nə daxildir?

Karyera mərkəzi olaraq ümumi 398 nəfəri əhatə edən 11 təlim proqramı təşkil etmişik. Bu proqramlar müasir əmək bazarının tələblərini nəzərə alaraq keçirilibdir. “PAŞA Sığorta” ASC –nin “Sığortaçı Akademiyası” ilk təlimlərini məhz bizim karyera mərkəzində keçiribdir. 2 gün davam edən təlimdə məzun könüllülərə risklərin idarəolunması, sığorta işinin əsasları, sığorta iddialarının tənzimlənməsi, marketinq, insan resursları və mühasibat üzrə məlumat verilmişdi və yekunda gənclər sertifikatla təltif olunmuşdular.

Geniş miqyaslı layihələrdən biri də sentyabr ayı ərzində #SMM2016 Business breakfast layihəsi oldu. #SMM2016 Business breakfast layihəsi Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə, “ASAN School” könüllülük məktəbinin “ASAN Kadr” Karyera mərkəzi və Yüksək Texnlogiyalar Parkının təşkilatı dəstəyi ilə həyata keçirilirdi. Layihənin əsas məqsədi sosial media marketinq sahəsi üzrə mütəxəssislərin formalaşması idi. Layihə elan verildiyi gündən gənclər tərəfindən böyük marağa səbəb oldu. Çox saylı müraciətlər əsasında 50 nəfər gənc seçildi və təlimlərə start verildi. Təlimçilər öz sahəsi üzrə peşəkar olan mütəxəssislər tərəfindən keçirilirdi. 1 ay davam edən, 50 nəfər iştirakçı və 12 təlimdən ibarət proqramın sonunda gənclər komandalara bölünərək 8 şirkətə təcrübəyə yönləndirildi.

Təcrübə 3 gün davam etdi və həmin müddətdə gənclər şirkətlərin SMM strategiyasını hazırladılar. Bağlanış mərasimində komanda şəklində təqdimatları keçirdilər və şirkət rəhbərlərinə öz tövsiyələrini verdilər. Nəticə etibarı ilə gənclərin bir çoxu artıq əmək fəaliyyətinə başlayıb və bir qrup gənc SMM şirkətini yaradıb. Bu günlərdə şirkət haqqında elan veriləcək.

Əsasən hansı vakansiyalar üzrə müraciətlər daxil olur?

Vakansiyalar müxtəlifdir. Nəzərə alsaq ki, ASAN könüllülərinin böyük hissəsi tələbədir elanlar qeydiyyatçı, assistent, satış üzrə mütəxəssis, sığorta məsləhətçisi, kredit mütəxəssisi, operator, tərcüməçi, kassir, qrafik dizayner, müəllimə, florist kimi daha üstünlük təşkil edir. Bir çox müəssisələr hazırda ASAN Kadrlarla işləməyə üstünlük verir.

Dövlət qurumları necə? Müraciət edirlər?

Bəli. Sonuncu elan Dövlət Sərhəd Xidməti tərəfindən verildi. 56 nəfər gəncin müraciəti qeydə alındı. Bundan başqa Ədliyyə Nazirliyi və Kənd Təsərrüfatı Nazirliyi işçi elanlarını bizim veb portal üzərindən verir. Ümumiyyətlə 2 ilə yaxın fəaliyyət nəticəsində 723 kadr işlə təmin olunub və 650 şirkət portaldan qeydiyyatdan keçib.

2017-ci ildə www.asankadr.az portalından hansı yeniliklər gözlənilir?

Sosial layihə olaraq bizim ilkin məqsədimiz gənclərin işlə təmin olunmağıdır. Bu istiqamətdə şirkətlərlə əlaqələr daha da genişləndiriləcək, daha çox ixtisaslaşmış təlimlər, layihələr keçiriləcək. Veb portalın texniki cəhətdən yenilikləri əlavə olunacaq.

 

2016 © Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

Yuxarı