Connect with us

Moneta.az

Kommunal xidmətlər sektorunda vahid tənzimləyici orqan yaradıla bilər

SOSİAL

Kommunal xidmətlər sektorunda vahid tənzimləyici orqan yaradıla bilər

Azərbaycanda kommunal xidmətlər sektorunda vahid tənzimləyici orqan yaradıla bilər.

Bu barədə Prezident İlham Əliyevin 2016-cı il 6 dekabr tarixli fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında kommunal xidmətlərin (elektrik və istilik enerjisi, su və qaz) inkişafına dair Strateji Yol Xəritəsi”ndə deyilir.

Qeyd olunur ki, 2018-ci ildə kommunal xidmətlər sektorunda fəaliyyət səmərəliliyinin yüksəldilməsinə imkan verən mexanizmlərin işə salınması istiqamətində sistemli yanaşmaya, o cümlədən sahəyə investorların cəlb edilməsi üçün effektiv mexanizmlərdən istifadəyə təkan verən tənzimləyici orqanın yaradılması məsələsi nəzərdən keçiriləcək. Bu zaman aşağıdakı 3 mühüm amil nəzərə alınacaq:

● müstəqil tənzimləyici orqanın təşkilati-hüquqi forması və fəaliyyət istiqamətləri;
● aidiyyəti orqanlara münasibətdə vəzifə və səlahiyyətlərin dəqiq müəyyən edilməsi;
● kadr təminatının formalaşdırılması.

Həmçinin, kommunal xidmətlər sektorunda, xüsusilə elektrik enerjisinin verilişi ilə istehsalının bir-birindən ayrılması, satış üçün topdansatış bazarlarının yaradılması, alternativ və bərpa olunan enerji mənbələri üzrə təqdim olunmuş layihələr əsasında tariflərin müəyyənləşdirilməsi, mövcud tariflərin (külək və kiçik su elektrik stansiyalarında istehsal edilən elektrik enerjisi tariflərinin) təkmilləşdirilməsi, digər mənbələr üzrə tariflərin formalaşdırılması, seçmə qaydada özəlləşdirmə üçün istehsal aktivlərinin prioritetləşdirilməsi (bəzi istehsal aktivlərinin səmərəliliyini yüksəltmək üçün özəl müəssisələrə diqqət yetirilməsi), paylama ilə pərakəndə satışın bir-birindən ayrılması və pərakəndə satış sektorunun liberallaşdırılması məsələləri nəzərdən keçiriləcək və müvafiq islahatlar aparılacaq. Bu sahədə uzunmüddətli qiymət zəmanətlərinin və rəqabətli tender təkliflərinin müəyyənləşdirilməsi müqavilələrin bağlanmasına, investorların cəlb edilməsinə və uzunmüddətli dövrdə tələbatın ödənilməsinə imkan verə bilər.

Bundan başqa, 2017-ci ildə kommunal xidmətlər üzrə infrastrukturun təkmilləşdirilməsi və xidmət səviyyəsinin davamlı şəkildə yüksəldilməsi məqsədilə bu xidmətlər üzrə tariflərdə, əlavə olaraq, müəyyən həcmdə vəsaitin nəzərdə tutulması və həmin vəsaitin məqsədli fondda toplanması məsələsi nəzərdən keçiriləcək.

2017-2020-ci illərdə əhaliyə kommunal sahədə xidmətlərin göstərilməsində idarəetmənin optimallaşdırılması və şəffaflığın artırılması, “ASAN xidmət” təcrübəsinin digər xidmət sahələrində tətbiq edilməsi məqsədilə yaradılmış “ASAN kommunal” mərkəzlərinin fəaliyyəti genişləndiriləcək.

Bu prioriteti həyata keçirmək üçün əlavə investisiya qoyuluşu tələb olunmur.

 

2016 © Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

Şərh yazmaq üçün tıklayın

Cavab Yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

TOP 5

Yuxarı